Pakistan böhran içində - XARİCDƏN MİLYARDLARLA DOLLAR BORC ALINIR 

11:50 18.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın maliyyə naziri Miftah İsmayıl valyuta ehtiyatlarındakı kəsiri bağlamaq üçün dost ölkələrdən borc alacaqlarını bildirib.

Hafta.az-ın yazdığına görə, iqtisadi böhran və valyuta ehtiyatlarında böyük kəsir yaşayan Pakistan deyəsən ehtiyatlarını artırmağın maraqlı yolunu tapıb. Belə ki, nazir Miftah İsmayıl valyuta ehtiyatlarındakı kəsiri bağlamaq üçün bu ay dost ölkələrdən 4 milyard dollar alacaqlarını bildirib.

"Dost ölkələrdən birindən 1,2 milyard dollarlıq ödənişi gecikdiriləcək neft alacağıq, başqa bir ölkə 1,5-2 milyard dollarlıq səhm yatıracaq, bir başqa dost ölkə ödənişi gec almaq şərtilə təbii qaz verəcək və sair", - deyib nazir İsmayıl. 

Amma nazir həmin ölkələrdən heç birinin adını çəkməyib. 

İsmayıl qeyd edib ki, bu maliyyə ilində Asiya İnkişaf Bankından 3,5 milyard, Dünya Bankından isə 2,5 milyard dollar alacaqlar, Asiya İnfrastruktur və İnvestisiya Bankından da 400-500 milyon dollar həcmində kredit gözləyirlər. 

İsmayıl hökumətin iflasdan qaçmaq üçün çətin qərarlar qəbul etdiyini və ölkənin üzləşdiyi iqtisadi vəziyyətə görə İmran Xan hökumətini günahlandırıb.

Bu arada qeyd edək ki, Pakistan rupisi son bir ildə dollar qarşısında 35 faiz dəyər itirib.

Pakistan Mərkəzi Bankının əlindəki valyuta ehtiyatı rupinin ucuzlaşması, xarici borc və neft idxal ödənişləri səbəbindən iyulun 15-nə 99 milyon dollar azalaraq 9 milyard 717 milyon dollar olub.

Ölkənin mövcud valyuta ehtiyatları ilə idxalını cəmi 5 həftə ödəyə biləcəyi bildirilir.

Bununla belə, iyulun 14-də BVF ilə imzalanan 1,17 milyard dollarlıq sazişin ölkənin valyuta ehtiyatlarının sabitləşməsinə kömək edəcəyi gözlənilir.

2021-2022-ci maliyyə ilində Pakistanın xarici ticarət kəsiri 55,29 faiz artaraq 48,25 milyard dollara çatıb. Əvvəlki maliyyə ilində 31,07 milyard dollar olan xarici ticarət kəsirinin əhəmiyyətli dərəcədə artmasının əsas səbəblərindən biri məhz idxal olunan enerji və ərzaq qiymətlərindəki artımdır.

Pakistanın baş naziri Şərif ötən həftə Səudiyyə Ərəbistanına səfər edib və vəliəhd şahzadə Məhəmməd bin Salmandan iqtisadi dəstək istəyib.